9 Kasım 2009 Pazartesi

aşağıda qeyd edilən sheirlər "günəş səsindir batır" kitabı və yeni yayınlanmamış sheirlərdir.
keçmişdə yayınlanmış kitablar özəlliklə "gözlərin doğum günüm" kitabı və yeni yanınlanmamış sheirlərim bu weblogda yaxın zamanda yayınlanacaqdır.

Aramızda mən boyda sarhəd

(1)

Təbəssümün allahımdır oğlum
Və gözyaşların cəbrayıl tökür ovcuma
Bu peyqəmbərlərin vəhy sahrasına
Həzin-həzin ağlarsan hər gecə yorqan altda
Hardasa yağmur utanıb yerə girər!
Tom and cery silinər televiziyadan

Hər gecə Əhməd kayanın mahnılarını
Bağrına basıb yatarsan
Və hər səhər Fars kanalları dişləyər yuxularını
Gündə min dəfə ata məni atıb tutarsan
Aramızda mən boyda sarhəd varmış oğlum bağışla
Nə sən bu sərhəddi keçə bildin nə mən
Səni bayraq yondum Təbrizə bir axşam
Qaldır türk bayrağını qaldir
Təbəssümünü yay şəhərə
Təbəssümünə tutular düşmən yandırarsın
Və dostlar təbəssümünü içib keflənərlər
Təbəssümün allahımdır oğlum


(2)

Təbəssümün
Bıçaq yarasidir üzümdə
Ya türmədə yediim şallaqdır
Təbəssümün sökər şeirimi sökər
Aç sərhədlərini ay təbrizli təbəssüm
Çək qucağına bakını
Yada istanbula əmr et məni
Onsuzda,dünya məhkəmədir
Və təbəssümün sonuncu mudafiəm!


(3)

Bu qavqa nədir?
Təbəssümünü şəhid gətirirlər şəhərə
Rahat yat ay qəhrəman təbəssüm...

Həəə…ləvayi...həəə

Həəə…gəldin ləvayi gəldin
Yüksəltdin əzilmiş qururunu siniq gözlərdə
Indi gəlməz olar o uşağın təbəssümündəki gələcək
Bir xiyanət kinosudur baki
Ürək sancıları mesaj olur hər yerə
Güney, sözcükləri alışdırıb yandırdı
Orda nə urman yazıçılar birliidi
Nə isə dağlar azad yazarlar
Arada bitən sözcük oldun son dəqiqə
Və ana təbriz yeyir özünü əlvida həsrətində

Həəə…gəldin ləvayi gəldin
Dəli bulutlardan qopuldu qır at
Bakıda sevgi ayaqlarına ilişib yıxdı səni
Sən vuruldun və çezələdi siyasət
I love you gəldi
Ləvai getdi!
Getdi ürəin Xəzər sahilində
Saatlar töküldü heyrətə
Bakını Xəzər kəmsiklədi
Qız cığazları senzurlanmış itlər
Əslində heç bir qız ay deyil burada
İşsiz qadının göz yaşıdır ay
Tökülür üstümə hər gecə


Həəə…gəldin, Ləvai, gəldin
Güney muxalifətindir quzey sukutun
İqtidar duymaz əl-ayağın
Və…burax…
Bax, bakıda gündüz açılır
Yəqin təbrizdə saçlarını yığır anam!..

BİR SONSUZ KÜÇƏ



Görərsiniz bir gün
Xəzər alov çəkib uçar
Və Baki, bir qartal dimdiyindən aslanar
Yenə sürgünlüyüm qalar
Və illər boyu qucağımda ağlayan Təbriz

Görərsiniz bir gün
Konstantinovo-da
Bir vodka Yesenin içib keflənərəm
Ya bəlkə,
“Yüz ilin tənhalığı”-nı
Boynumdan ataram torpağa
Kürd deyə, dörd nala çapır Orxan Pamuk
Görünmürük bu yazıq biz
Qoymadılar Azərbaycan boyda sərxoşluq
Bürüsün dünyanı
İsanın son şamı Qarabağda yeyildi...

Görərsiniz bir gün
Ama, bütün ölkələrdə
Budur tale
Bizi öldürür şeirlə siyasət
Və bir sonsuz küçədir müxalifət

HANI SƏNƏ VURULDUĞUM DƏHŞƏT?

Bir gün məni öldürər bu sevda
Gözlərim ovuclarına sıxılar bir gün
Çaxaram axatirələr astanasında
Geri dön sevgilim geri dön

Gündüzlərim gündəliklərlə bükülür
Bu nə haldır heeey
O qədər ayığam, yuxum tökülür!
Hanı həmən bu dilimlə vulkanları
Üfuqlərə qandırdığım günlər
hanı həmən bu dilimlə
xalqa ürək yandırdığım günlər
hanı sənə vurulduğum dəhşət?

Bir gün məni öldürər bu sevda
Yanaqların cəhənnəm caydırır üstümə
Baxışların göyü leş salır ayaqlarıma
Bəli düşünürəm
Yoxsulluq sevgiyə günüdür
Bəli düşünürəm
Yavan tikənin əvvəli sevdanın sonudur

Yox, heç də qayıtma
Sənin də haqqın var
Ildırımda, yağmurda
Sənin də haqqın var,
Həyat adlı yalanlarda
Mənə yetər bu suçlar
Azərbaycan adlı bomba ilə oynamağım
Qələmlə yaratdığım sevinclər, kədərlər
Ayrılıq mahnısı ilə ulaşmağım
Və iştə,
Üzüm ağacıtək özümə dolaşmağım

Bir gün məni öldürər bu sevda

DOVŞAN

Səhərin bir üzüdür dovşan
Susuz torpaqda bir parça buz
Düşmən yarasına bir ovuc duz
Bir uşaq oyunusa xilqət
Fırfıra bitmiş o əlbətt
Dağların üzünü ağ etmiş
Yeni yağılıq becərtmiş
Yaradılışın ləkəsiz varağı
Dovşan mehriban yağı
Birisinin əlindən buraxılan qar gülləsi
Birisinin əlində qaymaq bəlləsi
Qəfildən sıçrayan göz yaşıdır
Gözəllik binasında mərmər daşıdır
Kim onu güllələmiş axı?
Pambıqla qan dəribsən sanki
Çırpınır əllərimdə son saatını
Toplayıb ovcuma hayatını
Ürəyimdir ovcumda
Ağ dəsmalıma qan qusmuşam yada
Tanrının ağzından düşən diş
Məzlumlar ahıdır çöllərə düşmüş
Yaradılışın duzudur
Səhərin bir üzüdür
Yaşamağa bəhanə gəzsən
Dovşan özüdür!

GÜNƏŞ SƏSİNDİR BATIR

-Oktavyon Pazın ruhuna...-

Qıvrılır burulğan ağzımda
Gecə tikə kimi qalıbdır boğazımda
Açıqlanır şeirimdə düyünlənən dünya
Bu dünyadan yollar, çaylar, karvanlar keçir
Hər nəyim, özəlliklə beynim izsiz deyil
Ondan tanrılar, şeytanlar insanlar keçir
Mərhəba, beynimdə çapan atların nallarından
Sıçrayan insanlar
Dışarımı noxtalayıb, çapdığınıza heyrət
İçərim zəncirinizdə qaldı əlbətt
Dışarı burulğan, qıfından süzülür sayıqlığım
Qınımda əzilir başlığım
Amma yenə yaralarımı mərhəm basıram yaralarınıza
Biz bir-birimizə yara
Yaradan yaralarını tökdükdə biz yarandıq
Çövzə çiban kimi daraşdıq üz-gözümüzə
Min kərə satıldıq düzdən-düzə
Heç bir şeyi yaradan iraq sanma
Dağ vətən yarasının qaysaqlanması
Dərə vətən yarasının deşilməsi
Yaradanla yaradılan yara ilə başlandı
Bu da bir yara, eşq alması
Dəniz ağzımızın sulanması
Üfüqlər adası ağnadı üstümüzə
Torpaqlığımız önündə göylər çökdülər dizə
Göbək fırtına şəkilləndi
Sümüklər şimşək çaxdırdı
İnsan şaqqaşaq guruldadı, yağdı
Yollara göz ələndi ürək ələndi
İnsan insana, insan torpağa vuruldu
Yara üstə yara vuruldu


Xəstə düşdük can evinə oyyy…
Okeanlar qlukoza sistemitək, bəndləndi canımıza
Dərinliyi sordu damarlarımız
Torpaq krem yaxıldı əl-qola
Ayla Günəş həb kimi atıldı hər saat
Xəstəxanadır həyat
Bir-birimizə dərd olduq tanrılara dərman
Xəstə düşdük bu sevdadan
Xəstə düşdüm can evinə ay yar
Hər şeydən buraxılıb sənə yürüdüm
Ölümsüzlüyümü ayaqlarına yıxdım
Duydunmu torpaqla beynimin tərpənməsini?
Duydunmu becərməyimin səsini?
Nə gözəlsən dənizliyimi üzünə çəkdiyim yerdə
Nə gizlinsən üfüqləri pəncərənə
Pərdə tikdiyim yerdə
Bilirsən kimin yasına xurma paylanır gecələr?
Bilirsən kimin toyuna qənd sındırılır gündüzlər?
Bilirsən birisi çırtlayır özündən?
Dinlədin bu tappıltını, bu gurultunu?
Sən ürəyimə düşdün dərdin ürəyimə düşdü
Səni acdım almanı acıdım
Gecələri soydum qapınızdan əski elanlar kimi
Gündüzləri üstümə pəti çəkib uzandım qapınızda
Günəşləri portağal-portağal soyub
Verdim qapınızdan keçənlərə
Mərhəba, mərhəba sənin yolunda
Gündüzlərimi limon-limon içənlərə!
Haydı yağmur taqqıldadır içimi
Tufan qoparır kəlləm
Gündə min dəfə kündələnib bişirəm
Haydı partiyalar döyüşü tək gündəmdəyəm
Haydı daşınıram həyatdan, özümdən
Dənizi sürütləyirəm bu evdən o evə
Göyləri yedəkləyib ardımca çəkirəm
Öz sonsuzluğumda itirəm
Özümdən gedirəm
Özümü dinləyirəm qəzetlərdən, kitablardan
Özümü dinləyəmmirəm özümdən
Düşmüşəm gözümdən
Heç bir şey gözümə gəlməyir
Çoxdandır özümdən çıxmışam
Bütün dəliliklər məndə
Bütün gözəlliklər səndə
Bütün şəhərlərin adı Təbriz
Bütün xiyabanların adı Maralan


Necə qıydın məni bu günlərə, giləm?
Aydıncasına bağırıram sevgimi xalq içrə
Gözlərim badam çalınır xiyabanlarda
Dəlilik at gəzdirir məni küçələrdə
Boğuluram saatların darısqallığında
Boğuluram şəhərlərin kiplənməsində
Addımlarım biçilir, yollarım biçilir
Göylərə kök atan qollarım biçilir
Öyrəncilərimi öyrədirəm boşluğa
Öyrətmənliyim çeynəyir ömrümü
Üzümlüyüm alov çəkməyir artıq
Boş küp kimi danqıldayıram illərdir
Gəlib-gedənim yellərdir
Bəlkə də həmindir sevgi
Yağ ay sevgi, ay gözəllik, ay yar
Doldur məni gözlərindən, dodaqlarından
Doldur məni röyalarından, fəsillərindən
Qoy fəsillər daşsın məndən
Qoy qərinələr sellənsin başınızdan
Yeni yaradılışlar, yeni partlayışlar
Məndən axacaqlar yeni axışlar
Gözlərin axacaqlar
Dodaqların, əllərin axacaqlar
Dünyam quylanacaq gözlərinin altında
Dünya dodaqlarını sorub rahatlaşacaqdır
Qulaq as həmindir sevgi
Həmindir yağmur, qulaq as
Atalar yağılır, analar çırtlanır
İnsan pöhrələnir öz budağında
İnsan açılır solumda, sağımda
İnsan dən səpilir bu şuxumluqda
Dənlənirik bir-birimizə
Dənlənirik baxışlarımıza
Öz içimiz ninimiz
Ninimizdə xoruzlanır ürəyimiz bizə
Bu xoruz banında çırtlanır üfüqlər
Çırtlanır insanlar
Qartal gözlərim hanı bəs?
Alıb dimdiyə kainatı
Çörək qoyum ətəyinizə deyirəm
Bütün yolları aşırım sizə deyirəm
Atam qaya saldırdığı boyum hanı?
Ayağına töküm min beləcə qayaları
Səni kim ağac əkdi qapımıza?
Səni Kim od saldı canımıza
Hamıdan qaçıb sənə tutuldum
Hamıdan üzülüb sənə yazıldım
Canımın köynəyini Kim qurutdu mənə?
Səni Kim tikə tutdu mənə?
Oy, oy, oy
Ayıbdır Ləvayi kimi məndən
Amma sən…



Gecə daş düşmüş başıma
Gahdan böyrüm üstə çevrilib
Qatlayıram fikirlərimi, röyalarımı
Başım üstə kəhkəşan bibər kimi qızarır
Yandırıb yaxır gecəni
Yandırıb yaxır məni
Kəhkəşan ilan kimi çalır canımı
Bu zəhəri dər canımdan pambıq bədəninlə
Məni basdır sinənin gündüzlərində
Nə olar bir damlaca bitsəm gözündə
Tulla gözlərini üstümə
Kəhkəşanları güllə kimi yağdır sinəmə
Göyə tapşır kürəyimi davam etsin
Elə də çətin deyil kürəyim, gövdəm
Elə də çətin deyil yaradılış nüsxəm
Oxuya bilərsən
Mən də bu müsibətləri kündələsəm
Yaradaram yer kürəsini
Mən də bütün şeylərin şirəsini çəksəm
Yaradaram səni…


Bütün şeylərin şirəsi çəkilir
Bütün aləm xumar bütün yaranmışlar uymuş
Hər şey hamı kefli-kefli axır haraya?
Sanma bu beyinlər bizimdir
Sanma içimiz bizimdir
Biz dolub boşalırıq yuxarılar sağlığına
Göylər tüstyülənir bir an sərxoşluğa
Biz xaşxaş əkilmişik yuxarıdakılara
Haraya? Bitib-becəririk haraya?
Haraya qaytarılırıq hər an?
Bütün yollar şlanq kimi sorulur
Birisi püfləmiş bizi həyata ya yox?
Onun üçün illərdir havadayam
Onun üçün baxıram şeir işinə
Onun üçün ulduzlar milçək kimi
Darışıblar gecə leşinə!



Bu nə gecə, bu nə gündüz?
Bu nə Batısı, bu nə Doğusu?
Bu nə sağ, bu nə sol?
Ölüm yançaqları altda boğuluruq
Ölüm ağız açıb göy sanırıq
Ölüm leş düşüb ayağımıza
Torpaq sanırıq
Bu nədir sümüklərim şəfəq atır?
Bu nədir daşlanırıq bir-birimizə
Döşənirik ölüm dizinə
Əsirlərin dişinə çəkilirik
Şəpələnib tökülürük
Sənsizlik bu qədər zor
Sən yoxsan bir nəfəsə bəndik
Nəfəsə ətlənirik
Nəfəsə budlanırıq, böyüyürük
Şaqqala nəfəsimi ay yar
As nəfəsinin qullabından bizi
Nəfəsin fırtınalar vulkanlar toplusu
Atmosfer nəfəsindən başlanır
Səni nəfəs çəkirik illərdir
Yaşam nəfəsinə bağlıdır
Məni oturt nəfəsində, səsində
Səslən, çatlayım, səslən, odlanım
Səsin yer-göyü yığışdırıb basır sükutuma
Səsin xatirələri boxçalayıb verir qoltuğuma
Ay səsindir çıxır
Günəş səsindir batır
Qapılar səsindir açılır
Hamı səsinə antendir
Yaşam teatr, səsin səhnədir
Səslə məni ay yar
Səsin səsimə çatsın nə olar
Səsin yoxluğun, varlığındır
Sən yoxsan səsin var
Sən yoxsan gözlərin var
Sən yoxsan gülüşlərin buradadır
Hər şey sən ilə başlanır
Budaqlar qollarının davamıdır
Yollar ayaqlarının sonsuzluğu
Yağış dodaqlarındır sorulur
Günəş bir maçıdır yanağından qopulur
Yolların dibində bitilir gözlərin
Quzu kimi sürülür hökmün burada
Ulduz kimi axır barmaqların
Onun üçün kəhkəşan doşab kimi axır
Onun üçün içimdə mələk qaynaşır
Onun üçün duyulmaz sevgi
Heç zaman duyulmaz bu sevgi
Heç zaman duyulmaz bu kədər
Heç zaman duyulmaz içərim, dışarım
İçərimdə səninlə sürdüyüm günlər düzülür sapa
Tikə-tikə sərilim bu şəritə, bala
İslanım adınla quruyum odunla
Dışarımda gecə asfalt salınır qapıma
Bağırtım atam kimi üzülür önümdə
Dostlar inqilab göyşəyirlər
Qabaq dönümdə
Dışarımda qarınlar bulanıq ağızlar duru
Boğazlar stadionlar şeypuru
Siyasət, insan, sevgi
Hopur sinələrə xərçəng adlı nifrətlə
Qonşudur göylər sümüklə, ətlə
Dışarım tərs üzüm içərim avand üzüm
Dışarım bir gözüm, içərim bir gözüm
Qan kimiyəm özümə, sənə ay yar
İçəridə təmiz dışarıda murdar
Dışarını yum, içərini aç
Göylərimi silib dəsmalımı silkələ
Bütünlüyümü göstər tozumu yola sal
Ay işıqlığım, gözümdə qaral
Sonuncu ulduzla alışdır siqaramı
Deş közümü, yaramı
Al dimdiyinə yaralı dovşan kimi döyünən qəlbimi
Haydı
Röyalarımın dərisindəndir başmaqların yetim
Şəhid ver gözəlliyini yolumda nə olar
Bezdim intihar qanadlı sərçəliklərdən
Haydı qurtar, qurtar, qurtar
Sən yoxsan qurtulmuram səndən
Sən yoxsan qurtulmuram dağlardan, dənizlərdən
Sən yoxsan gözlərindən sıçrayıram sonsuzluğa
Basdırılıram əbədiyyət dalanlarında
Sükutum dəri salır, sükutum çartlayır
Kəhkəşanlar sarmaşıqlar kimi dolaşır boynuma
İnsanlar tel-tel uzanırlar məndən
Bütün yollar şlanqını toplayıb atıram çiynimə
Bir gün yollarla yükləyərəm arabamı
Çəkil, düşüncələrim əyləc götürməyir
Çəkil, qaz verim sevgimi xiyabanlarda
Mən də qatılıram bu ralli cəhənnəminə
Toz salırıq yaşamı ölümü hər şeyi
Hamı var finala çatmayan hamıdır
Hamı var sən yoxsan
Sən yoxsan diksinir yuxular
Gözlərin hər şeyi fısqırır üzümə
Gözlərin Daş düşürür başıma
Sən yoxsan gözlərin ağırdır
Varlığın ağırdır
Sən yoxsan o qədər varsan ki!


İndi yoxluğundan ölə bilərəm
İndi bütün tufanları qaldırıb itərəm
İnanıram sümüklərim davam edilir
İnanıram damarlarım çaxdırılır qurultaylarda
Beynimin şirəsi yaxılır kitablara
Tənqidçilər cükküldəyirlər məni
Məni içib keflənən kim
Məni ağac-ağac ormana çevirən kim
Lap da ağırlığım yüngülləşib ortaya düşsün
Lap da məni götürməsinlər gözlər
Lap da yığışdırılım gözlərdən tribunlardan
Lap da kökündən silinsin bu kaset
Sən mənə yetərsən sən məni davam et
Məni bu yoxluğunla göstər
Heç kim duymaz bu yoxluğu
Heç kim duymaz bu sevgini, ölümsüzlüyü
Ölümsüzlüyün darvazasıdır Təbriz darvazası
Ölüm bacasıdır Bakı, Qız qalası
Oy, oy, Muğan maralı
Oy, oy duzluluğun dəryaçası
Səni öpdüyümdəndir batı, doğu qızarması
Səni bağrıma basmağımdandır
Evlərin bir-birinə sıxılması
Səni sevdiyimdir ölüm
Qınama gülüm
İnsan anten-anten taxılmış
Sevgi göstərişinə ayrılıq ekranına
Qınama köç havasını sazlayır durnalar sənə
Hər insan bir duraqdır sənin yolunda
Hər insan bir tələdir sənə ovlanmağa
Ya sən kimin trapkasısan tullanmış həyata?!
Dinləyirsənmi partlayışları?
Dinləyirsənmi kiprikləri- əncir çırtlamasını?
Dinləyirsənmi gözəlliyin son yağmurunu?
Bax gözlərin islandırır məni
Bax gözəlliyin üşüdür məni
Bizi bir yerə yığır soyuqluğun
Darısqallığımız ürəyimizin genişliyindəndir
Həyat ürəyimizdən böyük deyil
Otağından böyük deyil həyat
Piano göstərilsin sənə kainat
İnsanlar barmaqlarından daha incə
Çal çatlasın yoxluğunun sıldırımı
Düyünlənsin hər şeyə sevgi ildırımı
Hər şeyi dinlə dərindən-dərin
Dinlə
Bütün kainat badam ağacı tək çalınır
Birisinə acı, birisinə şirin
Dinlə məni, dinlə hamını
Hamı bağlı qapıdır
Çalınır
Qapı dalında cənnət, qapı dalında cəhənnəm
Hamı açılır üzünə
Hamıda əyləşirsən
Yoxluğun açılır üzümüzə
Ulduzlar üzərlik salınır sağlığına
Kəhkəşanlar mil çəkilir gözümüzə
Bu nədir bizi əritmiş
Bu nədir ağzınızı qan etmiş
Qıvrılır burulğan ağzımda
Gecə tikə kimi qalıbdır boğazımda
Açıqlanır şeirimdə düyünlənən dünya
Bu dünyadan yollar, çaylar, karvanlar keçir
Hər nəyim, özəlliklə beynim izsiz deyil
Ondan tanrılar, şeytanlar insanlar keçir…

2001, payız